Sərt karantin rejimində işəgötürənlər və işçilər qaydalara necə əməl etməlidir?  

11:41 19.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt
21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək ciddi karantin rejimi zamanı dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq ediləcək.
 
Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva dünən keçirilən brifinqdə deyib. 

Qurum rəsmisi bildirib ki, şərtlərə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması, dövlət və özəl təşkilatlarda məhdudiyyətlər - yəni, müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, bərbərxana, gözəllik salonları və kosmetik xidmətlər, o cümlədən bu xidmətlərin müştərilərin evində və digər məkanlarda xidmətlərin dayandırılması, müzey və sərgi zallarının fəaliyyətinin dayandırılması daxildir. 

Bəs işəgötürənlər işçilərinin xüsusi karantin rejimində əmək hüquqlarının və sağlamlıqlarının qorunması üçün hansı zəruri tədbirlər görməlidirlər?

Bu barədə hafta.az-a danışan Əmək Hüquqları Liqasının sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov dedi ki, pandemiya ilə mübarizə çərçivəsində iş yerlərində dezinfeksiya vasitələri qoyulmalı idi.

"Bundan əvvəl əhalinin qayda-qanuna riayət etməməsi ilə bağlı yumşaq davranıldı. İş yerləri, xidmət sahələri, iaşə müəssisələri, ictimai nəqliyyat - bütün sahələrdə qanunlara riayət olunmalı idi. Tənəfüss orqanlarının mühafizəsini qorumaq üçün maskalardan istifadə olunmalı, iş yerində bu qaydalara riayət etməyən, maska taxmayan şəxslər sərt cəzalandırılmalı idi. Ondan istifadə etməyən şəxslər işindən uzaqlaşdırıla bilərdi. Lakin bu addımların heç biri atılmadı. Özbaşınalıq çox oldu. Xüsusən də banklarda sosial izolyasiya qaydalarına əməl olunmadı. “ASAN xidmət” sahələrində bir neçə gün elementar qaydalara əməl edildi. Sonra isə əməkdaşlar maskanı çənələrində gəzdiridilər. İş yerlərini yoxlamaq lazım idi. Dövlət Əmək Müfəttişliyi Xidmətinin 200 işçisi var. Onlara da yoxlamağa icazə verilmir. 200 işçi ilə nə etmək olar ki? Nazirliyin özünün neçə əməkdaşı yoluxub. Fikirləşirəm ki, bu mexanizm işləməyəcək. İşəgötürənlərdə əvvəl məsuliyyət hissi var idi. İndi onlar heç bir nəzarətə fikir vermir. Çünki onları yoxlayan qurum yoxdur”.